“Deyirlər, əsir olmağınla bağlı Paşinyandan sənəd al, gətir…” – Qalmaqallı müsahibə

“Evdə işıq, qaz yanmır. Bununla heç maraqlanan varmı? Deyən varmı ki, bu adam nə yeyir, nə içir? Erməni məhbusluğundan qayıdandan sonra şalvarımı dəyişməmişəm”.

2014-cü ilin iyul ayında erməni terrorçuları tərəfindən girov götürülüb, 2020-ci ilin dekabr ayında isə girovluqdan azad edilən Şahbaz Quliyev qalmaqallı müsahibə verib:

– Səhhətiniz necədir? 

-Müalicəm davam edir. Qalan məsələlərdə isə “köhnə hamam, köhnə tas”dır. İndiki durumum acından ölməyə bərabərdir. Evdə işıq, qaz yanmır. Bununla heç maraqlanan varmı? Deyən varmı ki, bu adam nə yeyir, nə içir? Erməni məhbusluğundan qayıdandan sonra şalvarımı dəyişməmişəm. 

– İşlə təmin olunmaq üçün hər hansısa qurumlara müraciət etmisinizmi? 

– Hər yerə müraciət etmişəm, cavab vermirlər. Bacı-qardaşım sağ olsun, dolanışığıma yardım edirlər. Qaradağ İcra hakimiyyəti 1 ildir “başımın altına yastıq qoyub”, yalandan maaş kartı verəcəyini söyləyir amma vermirlər. Prezidentə də müraciətlər ünvanlamışam. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına yazmışam.

– Müraciətlərinizə cavab varmı?

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni həll edəcəyini söyləyir. İcra hakimiyyəti isə “Qazilərə mən baxası deyiləm” deyir. Obyektim yarımçıq qalıb, tikə bilmirəm.  Övladlarım xaricdə yaşayır, ayda  20 min pul göndərməliyəm. 

 Qaradağ  İcra hakimiyyətinin müavini hər ay zəng edir ki, 3 günə sənə kart  veriləcək. 1 il 3 aydır, hələ də verir. İndi də zəng edəndə başqasına müraciət etməyimi vurğulayır.

– Veteranlıqla bağlı da müraciət etmişdiniz. “Veteran” statusu verildimi?

– Məhkəməyə getmişdim. Veteranlara da iş vermirlər. Məhkəmədə “müharibə” gedir. “Papanin”dəki arxivə baxırlar. Məhkəmə 1-2 aydan sonra xəbər edəcəyini söyləyir. İndi də vaxtı aprelin 28-nə ertələyiblər. Başlarından edirlər. Müdafiə Nazirliyindən polkovnik gəlib, heç adamı da tanımır. Deyir, biz qanuna müvafiq davranırıq. Paşinyandan 10 il həbsdə olmağımla bağlı əmək kitabçası alıb, gətirməyimi istəyirlər. Əsas məmurların qarnı doysun…

– Sizinlə eyni vaxtda girov götürülən Dilqəm Əsgərov sizə  kömək göstərirmi?

– Dilqəm “Qızıl at”ın belindədir, mənə nə kömək edəcək? Onun bu dəqiqə “Land Cruiser” markalı avtomobili, imarəti var.

– O da sizinlə bərabər həbsdə idi. Bunu necə əldə etdi?

– Həmin vaxt ona yalançı sənəd düzəltdilər. Guya, torpaq özünün olub, 150 min pul veriblər. Mənimkilər də var- dövlətimi satıb yeyib. 50 minlik  malım,  20 minlik “Mercedes”im də satılıb. İndi də deyirlər Vətən uğrunda getmisən.

– İkinci dəfə ailə həyatı qurdunuz. İlk evliliyinizdən olan qızınızla əlaqə saxlayırsınızmı?

– Anası ilə birlikdə Rusiyaya gediblər. Gəlməsi üçün yolpulu tapıb göndərə bilmədim. Heç özümə siqaret pulu tapa bilmirəm. Arada yazır, kömək etməyimi istəyir. Mən  bu tayda, o da o tayda qalıb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video