Culani hökumətinin Müdafiə Nazirliyi: İsrailin hücumunu gözləmirdik

Suriyada Məhəmməd Culani hökumətinin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr rəhbəri Dəməşqə qarşı İsrailin ağır hücumlarına təəccübləndiklərini bildirib və Süveyda bölgəsində qarşıdurmaların sona çatacağına ümid etdiklərini vurğulayıb.

Qafqaz Times-ın məlumatına görə, Culani hökumətinin Müdafiə Nazirliyinin sözçüsü Əl-Cəzirə telekanalına verdiyi açıqlamada İsrailin Dəməşqdəki Müdafiə Nazirliyinin binasını hədəfə alacağını gözləmədiklərini deyib. O bildirib: “Bu gün İsrailin etdikləri bizim proqnozlarımızla ziddiyyət təşkil edir.”

İşğalçı İsrail rejiminin qırıcı təyyarələri ötən gün Suriya Müdafiə Nazirliyinin binasını görünməmiş şəkildə bombalayıb. Hücumun bəhanəsi Suriyanın druz icmasını “qorumaq” olsa da, bu təcavüzlər elə həmin druzlar tərəfindən də pislənib.

Yeni Suriya hökumətinin Müdafiə Nazirliyinin nümayəndəsi isə druzlarla əldə edilən razılaşmaya toxunaraq bildirib ki, Dəməşq hökuməti bu razılaşmanı yerinə yetirmək əzmindədir və bu saziş Süveyda vilayətinə sabitlik və təhlükəsizlik gətirəcək.

O əlavə edib: “Həm ‘Əqil şeyxləri’, həm də Suriya hökuməti bu razılaşmanın icrasına təminat verir. Biz ‘Əqil şeyxləri’nin ciddiyyətinə və milli təəssübkeşliyinə ümid edirik və onlara arxalanırıq.”

Culani hökumətinin Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb: “Bu razılaşma çətin bir mərhələdən sonra əldə olunub və biz onun həyata keçməsi üçün bütün gücümüzü səfərbər etmişik.”

O, eyni zamanda, etiraf edib ki, “mövcud hökumətin fəaliyyətində bəzi çatışmazlıqlar olsa da, bu məsələlər müzakirə və islah oluna bilər.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib