Çinin “Baidu” şirkəti pilotsuz taksilər buraxmağa hazırlaşır.
2024-cü ilin sonuna qədər xidmət Uhan şəhərində istifadəyə veriləcək və 1 000-ə qədər avtopilotlu taksi küçələrə çıxacaq.
Taksi xidməti üçün xüsusi olaraq “Baidu Apollo RT6” pilotsuz elektrik avtomobilləri buraxılıb. Sınaq zamanı prototiplər ümumilikdə 100 milyon kilometr məsafə qət ediblər. Pilotsuz taksilər “Ford Transit”i də lisenziya əsasında istehsal edən “JMC” şirkəti tərəfindən istehsal olunacaqlar.
“Baidu Apollo RT6” pilotsuz taksisi futuristik dizayna malik, sürüşən qapıları olan elektrik mikroavtobusudur. Onun uzunluğu 4,7 metr, təkər bazası isə 2,8 metrdir.
“Baidu Apollo RT6” taksisinin salonunda sükan və ya pedallar yoxdur, onun əvəzinə isitmə, masaj, tənzimləmə və geri çəkilə bilən ayaq dayaqları olan dörd fərdi oturacaq var. Taksini idarə etmək üçün sensor ekran və səslə idarəetmədən istifadə olunacaq.