Cinayət işində şok detallar-“Meyitin cinsiyyət orqanı yerləşən hissəsi… ”

2 il öncə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda məlum olub ki, Dondar Quşçu sakinləri məsələ ilə bağlı 182 nəfərin imzası ilə Prezident və Vitse-prezidentə müraciət ediblər. Onlar 2 ilə yaxındır həbsdə olan İlkin Süleymanovun təqsirsiz olduğunu deyib, əsl cinayətkarların tapılması üçün kömək istəyiblər.

Məhkəmə məktubun cinayət işinə əlavə olunmasına dair qərar verib.

Hakim İlkin Süleymanovun atası İbrahim Süleymanovun Prezidentə və hüquq-mühafizə orqanlarına ünvanladığı məktubun mətnini elan edib: “Hamıya məlumdur ki, evimizin yaxınlığında yanan meyiti oğlum görüb. Dərhal qonşulara xəbər verib və ətrafdakıların da köməyi ilə meyit söndürülüb. Həmin gün oğlumu baş verənləri ilk görən şəxs kimi polis şöbəsinə aparıb, bir daha buraxmayıblar. Onun saxlanması ilə bağlı heç bir sənədləşmə aparmadan dörd gün ona amansız, ölümcül işgəncələr veriblər. Onun başına vedrə keçirib, küt alətlərlə vurublar, toka veriblər, diz və əllərinin üstündən dubinka ilə döyüblər… Oğlum dözə bilməyib, onların istədiyi ifadəni imzalamağa razılıq verəndə – yanvarın 10-da onun tutulmasını rəsmiləşdiriblər. Ailəmizin müqavilə bağladığı vəkilin onunla görüşməsinə imkan verilməyib. Vəkil yalnız yanvarın 30-da onunla görüşə bilib. Onun müdafiə hüququ kobud şəkildə pozulub”.

İbrahim Süleymanov iddia edib ki, Nərminin valideynləri cinayətin açılmasında yox, ört-basdır edilməsində maraqlı görünürlər: “Məhkəmədə yalan və ziddiyyətli ifadələr verirlər, suallara dəqiq, düzgün cavab verməkdən yayınırlar. Üç müxtəlif mənbədən əldə olunan sübutlarla (şəxsiyyət vəsiqəsi, tibb məntəqəsindəki qeydiyyat kitabçası) təsdiqlənir ki, Nərmin Quliyevanın qan qrupu IV olub. Meyitin ekspertizasının rəyinə əsasən, onun qanı isə II qrupdur. Meyitin boyu ilə Nərminin boyu uyğun gəlmir. Meyit 142 santimetrdən də uzun adama məxsusdur. Valideynlər tapılmış meyitə baxmaqda maraqlı olmayıb. Bunu özlərinin məhkəmədə verdikləri ifadələr də təsdiqləyir. Bütün bunlar o meyitin Nərmin Quliyevaya aid olmasına ciddi şübhələr yaradır. Meyitin cinsiyyət orqanı yerləşən hissəsi xüsusi olaraq yandırılıb ki, bunun da nəticəsində ekspertiza onun təcavüzə məruz qalıb-qalmadığını müəyyənləşdirə bilməyib. Təhlillər göstərir ki, meyit orada yandırılmamışdan əvvəl də bir dəfə yandırılıb, sonra ora atılıb və orada ikinci dəfə yandırılıb. Əks halda, meyit həm ön, həm də arxa hissədən eyni dərəcədə yana bilməzdi. Çünki bir tərəf üstündə atılmışdı. Üstəlik, təxminən 5 dəqiqə davam edən yanğın nəticəsində meyitin o vəziyyətə düşməsi də mümkün deyildi. Paltarlarla bağlı da ciddi ziddiyyətlər var. Valideynlərin hər biri uşağın əynində olan paltarlarla bağlı fərqli ifadə verir. O həddə yanmış meyitin üstündəki paltarların bir hissəsinin yanmaması da inandırıcı deyil”.

Hakimlər bu məktubun da cinayət işinə əlavə olunmasına qərar verib.

Daha sonra məhkəmədə Nərmin Quliyevanın kiçik bacısı Ş.Quliyeva dindirilib: “Biz bacımla məktəbdən gələndə Nərmin artıq evdə idi. O, bizdən təxminən yarım saat-1 saat əvvəl gəlmişdi. Mən məktəbdən gələndən sonra yatdım, bir də axşam oyananda gördüm ki, evimizdə polislər var”.

Məlumat üçün bildirək ki, valideynlərinin məhkəmədə dediyinə görə Nərmin gödəkçə arxasınca əmisigilə gedib, geri qayıtmadığını görəndə onun nənəsi Minayəgildə olduğunu güman ediblər. Bu səbəbdən axşama qədər axtarmayıblar.

Lakin Ş.Quliyeva bildirib ki, Minayə nənəsigil xeyli uzaqda yaşayır. Onlar nənəsigilə anasından icazəsiz getməzdi. Həm də hava qaralana qədər qayıdırdılar.

Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə özünü təqsirli bilmir. O, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atmağa məcbur olduğunu deyir.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir