Çeçenistanda silahlılar hücum edib vəkili və jurnalisti ölümcül hala saldılar – FOTO/VİDEO

Rusiyalı vəkil Aleksandr Nemov və “Novaya Qazeta”nın jurnalisti Yelena Milaşina Çeçenistanda hücuma məruz qalıblar.

Məlumata görə, onlar hava limanından çıxarkən silahlı şəxslər tərəfindən saxlanılıblar, qəddar şəkildə döyülüblər, sonra onları başlarına tapança dirəyərək ölümlə hədələyiblər.

Hazırda zərərçəkənlər xəstəxanadadırlar. Döyülməkdən əlavə, ayağından da bıçaqlanan Nemov çətinliklə hərəkət edir və danışır. Milaşina isə vaxtaşırı huşunu itirir; onun barmaqları sındırılıb, başı keçəl qırxılıb, başından aşağı “brilyant yaşılı” tökülüb.

Zərərçəkənlər hücum zamanı onlara: “Sizə xəbərdarlıq edildi, buradan gedin və heç nə yazmayın”, – deyildiyini bildiriblər.

Qeyd edək ki, Nemov və Milaşina çeçen müxalifətçilərin anası Zarema Musayevanın məhkəməsi üçün Qroznıya yollanıblar. Z.Musayeva Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Saydi Yanqulbayevin həyat yoldaşı, həmçinin müxalif “Adat” “Telegram” kanalını idarə etməkdə şübhəli bilinən bloqer İbrahim və keçmiş “İşgəncələrə Qarşı Komitə”nin vəkili Abubakar Yanqulbayevlərin anasıdır.

Zarema Musayeva keçən il Çeçenistan Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən Nijni Novqoroddakı mənzilindən oğurlanmışdı. Yanqulbayev isə federal hakim statusuna malik olduğundan onu saxlamaq mümkün olmayıb. Həmin vaxt təhlükəsizlik qüvvələri mənzilə soxulub, orada olanları döyüb və huşunu itirmiş Zaremanı Çeçenistana qaçırıblar.

Məhkəmədə prokuror qadın üçün beş il yarımlıq müddətə azadlıqdan məhrumetmə istəyib və bu tələb təmin olunub. İstintaqın məlumatına görə, Musayeva 2022-ci ildə növbətçi hissənin yanında olarkən vətəndaşlara qarşı kobud, nalayiq ifadələr işlədib, aqressivlik nümayiş etdirib, insan ləyaqətini və ictimai əxlaqı təhqir edib. Materialda, həmçinin, Musayevanın ona xuliqanlıq faktı ilə bağlı inzibati protokol tərtib etmək istəyən sahə polisinə hücum etdiyi deyilir.

Zarema Musayevanın yaxınları ona qarşı cinayət işinin açılmasının oğullarının fəaliyyəti ilə bağlı olduğunu düşünürlər. Çeçenistan rəhbəri Ramzan Kadırov özü dəfələrlə Yanqulbayevləri “terrorçu” adlandırıb və onları “məhv etmək”lə hədələyib.

Related posts

Ən bahalı “Bugatti Veyron” satışa çıxarıldı – FOTO

Yaponiyada 40 ildə ilk dəfə pulun “siması” dəyişdi – FOTO

“Əcdadların çağırışı” və ya qoyunların macərası: Omskda qeyri-adi hadisə – VİDEO