BMT iraqlı turistlərə hücumla bağlı dərhal araşdırma aparmağa çağırıb

QafqazTimes xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş ötən gün (cümə) İraqın şimalında 31 mülki vətəndaşın ölümü və yaralanması ilə nəticələnən artilleriya hücumu ilə bağlı dərhal araşdırma aparmağa çağırıb.

Əl-Sumaria News internet saytının məlumatına görə, Quterreşin ofisinin bəyanatında bildirilir ki, bu hücumun təfərrüatlarının aşkarlanması və belə hücumların təkrarlanmamasının təmin edilməsi ilə bağlı dərhal və ətraflı araşdırma aparılmalıdır.

BMT-nin baş katibi həmçinin bu hücumda həlak olanların ailələrinə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzulayıb.

Bununla bağlı İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Cavad Əl-Bulani isə bildirib ki, bu komissiya İraqın təhlükəsizlik və hərbi qurumlarına təqdim olunacaq hesabatı hazırlamaq və növbəti addımların atılması üçün lazımi tövsiyələr vermək üçün bir komitə yaradıb.

İraq xəbər mənbələri çərşənbə günü axşam saatlarında Türkiyə ordusunun ölkənin şimalında yerləşən Dohuk əyalətinə artilleriya hücumu barədə xəbər vermişdi. Bu hücum zamanı bir top mərmisi istirahət mərkəzinə düşərək 9 nəfərin ölməsi və 23 nəfərin yaralanması ilə nəticələnmişdir. Türkiyə ordusunun bu hücumu İraqda geniş etiraz dalğalarına səbəb olub.

Türkiyə bu hücumun PKK qruplaşmasının işi olduğunu iddia etsə də, bu qrup dünən verdiyi açıqlamada sözügedən ərazidə heç bir hücum etmədiyini bildirib. İraq hökuməti isə bu hücumu Türkiyə ordusunun işi hesab edir.

Dünən İraq Xarici İşlər Nazirliyi həmçinin Türkiyənin Dohuka hücumlarını kəskin şəkildə pisləyərək, Bağdadın beynəlxalq nizamnamələr əsasında sözügedən hücumlara qarşı istənilən addımı atmaq hüququna malik olduğunu vurğulayıb.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri