QafqazTimes xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkə qanunvericiləri və rəsmiləri qarşısında illik çıxışında Ukraynadakı müharibə, Rusiyanın Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi və atəşkəs təklifi barədə danışıb.
Aleksandr Lukaşenko bildirib ki, Rusiyanın Belarusda yerləşdiriləcək taktiki nüvə silahları ölkəni Qərb təhdidlərindən qoruyacaq, çünki Polşadan Belarusa hücum planları var.
Belarus prezidenti deyib: “Sözümü qəbul edin, mən sizi heç vaxt aldatmamışam. Onlar (qərblilər) Belarusa hücum edib ölkəmizi məhv etməyə hazırlaşırlar.”
Belarus prezidenti keçmişə və Sovet İttifaqının dağılmasından sonra ölkənin nüvə silahının ləğv edilməsinə toxunaraq deyib: “90-cı illərdə mən nüvə silahını tərksilah etmək istəmirdim, lakin mənə Qərb və Rusiyanın o zamankı prezidenti tərəfindən təzyiqlər olundu.”
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin şənbə günü bildirib ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək.
Belarus rəsmiləri daha əvvəl bəyan etmişdilər ki, bu silahlar Belarusu ABŞ və onun müttəfiqlərinin təzyiq kampaniyasından qoruyacaq.
Aleksandr Lukaşenko bugünkü çıxışında həmçinin Ukraynada dərhal atəşkəsə və davamlı sülh nizamlanması üçün danışıqlara başlamağa çağırıb.
Belarus prezidenti xəbərdarlıq edib ki, Rusiya özünə qarşı təhlükə hiss edərsə, “ən dəhşətli silahlardan” istifadə etməyə məcbur olacaq.
O, Qərbə müraciət edərək əlavə edib: “Nüvə gücünə qalib gəlmək mümkün deyil. Əgər Rusiya rəhbərliyi vəziyyətin Rusiyanı parçalamaq təhlükəsi yaratdığını başa düşərsə, ən dəhşətli silahdan istifadə edəcək. Buna yol vermək olmaz.”