Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirlik və oğurluqlarla məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Nəticədə qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən daha 3 nəfər – Xalidə Hüseynova, əvvəllər məhkum olunmuş Fərid Səfərov və Elçin Hacıyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda bir nəfər qadının çantasını oğurlayıb. Həmin vaxt zərərçəkənin çantasında 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət və digər şəxsi əşyaları olub.
Xalidə Hüseynova ifadəsində oğurladığı qızılları yaşadığı Ağdaş rayonunda satdığını bildirib.
Baş İdarə əməkdaşları tərəfindən saxlanılan Fərid Səfərovla Elçin Hacıyevin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda cibgirliklə məşğul olduqları müəyyən edilib. Onların insanların sıx olduğu vaxtlarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib.
Qeyd edək ki, saxlanılan hər 3 şəxsin avtobuslarda örətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik və oğurluq edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.
“Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”, – Mətbuat Xidmətindən bildirilib.