Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən dördotaqlı mənzilin eyvanında baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus, ümumi sahəsi 105 kvadratmetr olan mənzilin eyvanında soyuducu, kondisioner, qaz sobası və plastik pəncərə çərçivəsi yanıb, yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı deformasiyaya uğrayıb. Mənzilin otaqları yanğından mühafizə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.