QafqazTimes xəbər verir ki, Dəməşqə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian yanvarın 14-də günortadan sonra (şənbə günü) Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
İran xarici işlər naziri bu görüşdə İran İslam Respublikası prezidenti Ayətullah Rəisinin salamlarını Bəşər Əsədə çatdıraraq bildirib: İran İslam Respublikası Suriyanın təhlükəsizliyi və tərəqqisini öz təhlükəsizliyi və tərəqqisi hesab edir və Suriyaya güclü dəstəyini davam etdirəcək.
Əmir Abdullahian iki ölkə rəsmiləri arasında, xüsusən də Xarici İşlər Nazirliyi səviyyəsində yaxşı və sıx məsləhətləşmələr və əməkdaşlığa toxunaraq, bu səfəri iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin və fikir mübadiləsinin davamı və yekunlaşması istiqamətində atılan addımlar adlandırıb.
Suriyanın xarici əlaqələrinin inkişafından məmnunluğunu ifadə edən İranın diplomatik xidmətinin rəhbəri bildirib ki, bu inkişaf Suriyanın bölgədəki əhəmiyyətini və mühüm mövqeyini göstərir.
O, həmçinin deyib: İran İslam Respublikası həmişə müharibə əvəzinə siyasi həll yoluna təkid edib, ona görə də Suriyanın digər ölkələrlə siyasi əlaqələrində müsbət irəliləyişləri alqışlayır.
Həmçinin İranda baş verən son hadisələrlə bağlı Əmir Abdullahian deyib: Biz birləşmiş və hərtərəfli bir müharibəni geridə qoyduq və bəzi qərb ölkələri isə bu mövzuda müdaxiləçi və stimullaşdırıcı rol oynadılar, lakin təbii ki, uğursuzluğa düçar oldular.
Bu görüşdə Suriya Prezidenti Bəşər Əsəd İslam İnqilabının Ali Rəhbərinə və İran İslam Respublikasının prezidentinə səmimi salamlarını çatdıraraq, Əmir Abdullahiana müraciətlə deyib: “Zati-alilərinin səfəri bizim üçün həm ikitərəfli, həm də regional miqyasda əhəmiyyətlidir.”
O, əlavə edib: İran İslam Respublikası Suriyaya ən yaxın ölkədir və o, müharibədə bizim yanımızda oldu. Biz İran İslam Respublikasının dəstəyini unutmayacağıq.
Suriya prezidenti həmçinin Ayətullah Rəisinin Suriyaya gözlənilən səfərinin əhəmiyyətini vurğulayaraq, bu səfərin maksimum uğur qazanması üçün Dəməşqin birgə səylərə hazır olduğunu açıqlayıb.