Azərbaycanda son illər həbs edilən generallar

Son illər Azərbaycanda bir neçə general həbs olunub. Onların bəziləri bu il, digərləri isə əvvəlki illərdə həbs edilib. Həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və s. maddələrlə cinayət məsuliyyətinə cəlb ediliblər.

Həbs olunan generallardan biri Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovdur. Ötən ay onun həbs müddəti uzadılıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.

Digər həbs edilən general Ehtiram Xəlilovdur. Belə ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

57 yaşlı E.Xəlilov 1997-ci ildən Gömrük orqanlarında xidmət etməyə başlayıb. Həmin ildən başlayaraq Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində işləyib. 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində çalışıb. 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi işləyib.

2018-ci ildən həbs edilənə qədər Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyinin direktoru olub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni  və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

DTX-nin yaydığı məlumatda bildirilir ki, “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs edilən digər general-mayor Məsum Rəsulov Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi idi. O da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. 

48 yaşlı M.Rəsulov 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb. 2018-ci ildə Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində çalışıb. Ölkə başçısının 29 yanvar 2019-cu il tarixli sərəncamı ilə Rəsulov Məsum Eynalı oğluna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin general-mayoru ali xüsusi rütbəsi verilib. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

DTX-nin yaydığı məlumatda qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Ötən il oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərova hökm oxunub. Hökmə əsasən, R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, dəymiş mənəvi ziyana görə zərərçəkən tərəfə 40 min 10 manat təzminat ödəməlidir. R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması isə zəruri hesab edilməyib.

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.

2021-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədova hökm oxunub. Eks-nazir 11 il müddətinə azadlıqdan məhrum edilib. O, 2000-ci ildən 2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olub. Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədov “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib

O, 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.

Həbs edilən generallardan biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Mövlam Şixəliyevdir. Sabiq MTN generalı mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmaqda ittiham edilir. Hazırda onun məhkəməsi davam edir.

Məhkəməsi davam edən generallardan biri də ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovdur. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il (2007) sonra alıb. N.Şirinov vəzifədə ikən müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almaqda, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməkdə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Bakı Hərbi Məhkəməsində məhkə prosesi davam edir.

Hazırda həbs həyatı yaşayan general-mayor Elçin Quliyev vaxtilə ləğv edilmiş MTN-də Antiterror Mərkəzinin rəisi olub. “MTN olayları”nda onun müavini İlqar Əliyev də həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

General E.Quliyev və əməkdaşları qanunsuz azadlıqdan məhrum etmədə, mütəşəkkil dəstə formasında quldurluq törətməkdə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda təqsirləndirilib.

O, 2017-ci ilin noyabrında məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO