“Adi bir vətəndaş kimi, istənilən qiymət artımına münasibətim mənfidir. Özüm də siqaret çəkirəm deyə, bu qiymət artımını hiss edəcəyəm”.
Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.
O, Novruz tətili günlərində paytaxt marketlərində, habelə köşklərdə siqaret qiymətlərinin qalxmasının səbəblərindən söz açıb.
R.Quliyevin sözlərinə görə, qiymət artımının bir neçə kökü var:
“Bu, dünyada gedən inflyasiyanın təsiridir ki, Azərbaycandan da yan keçməyib. Azərbaycanda siqaret fabrikləri var, amma onlar siqareti tam komplektləşdirmək üçün komponentləri xaricdən alırlar. Siqaret istehsalı üçün isə 27 komponentdən istifadə edilir. Onların ən azı 80%-i Azərbaycana xaricdən gətirilir ki, bunun da qiymətə təsiri var. Yəni qiymət artımı idxaldan başlayır”.
Deputat bildirib ki, dünya bazarında tütünün də qiyməti qalxıb:
“Bunun səbəbi ümumi inflyasiya, həm də bir çox ölkələrdə tütünün becərilməsinə subsidiyaların ləğvidir. Bu da tütün məhsullarına qarşı mübarizə ilə bağlıdır.
Dünya inflyasiyanın öhdəsindən gələ bilmir. İstəsək də, istəməsək də, qiymət artımı olacaq. Onun qarşısını almaq üçün yalnız yerli istehsal artırılmalıdır. Əgər yerli istehsal məhsulu və yerli komponentlər bol olsa, onda inflyasiyanı müəyyən dərəcədə cilovlamaq olar”.
Qeyd edək ki, Rüfət Quliyev Milli Məclisin deputatı olmasına baxmayaraq ölkənin siqaret biznesinin əsas nəzarətçilərindən sayılır.