Almanların çox məşhur bir atalar sözü var: “Auch ein blindes Huhn findet mal ein Korn”. Yəni “Hətta kor toyuq belə, nə vaxtsa buğda tapa bilir”.
Lakin əfsuslar olsun ki, çağdaş Almaniyanın siyasətininin inikası olan mediasında bəzən kor toyuqlar həyatlarının sonunadək nə qədər eşələnsələr də, buğda tapa bilmirlər. Tapdıqlarını həmişə buğda sanırlar – buna söz yox, amma ətrafı görə bilmədikləri üçün zülmətə alışırlar.
“Bild” qəzetinin redaksiya siyasətinin necə formalaşmasını, məqalələrində və şərhlərində standartların sayını bəzən absurd həddə çatdırması ilə bağlı Günter Valrafın araşdırmasını oxuyanlar dəqiq məlumatlara malikdir.
“Peşəsini dəyişən jurnalist” kimi tanınmış və sensasiyalı araşdırmaları ilə dəfələrlə Almaniya siyasətinin altını üstünə çevirməyə bacarmış Günter Valraf.
44 günlük İkinci Qarabağ Müharibəsi günlərində Azərbaycan Avropanın ikili standartlarının növbəti şahidi oldusa, “Bild”in savaşla bağlı reportajları, yazıları və şərhləri olduqca subyektiv, qərəzli və reallıqdan kənardı.
Döyüşlərdə erməni işğalçılarına qarşı “Bayraktar TB2” pilotsuz uçan aparatlarından (PUA) istifadə olunmasını az qala hərbi cinayət, müharibə qanunlarının və beynəlxalq qaydaların pozulması kimi qələmə verməyə çalışan bu qəzet Azərbaycan ordusunu qəddar və aqressiv hərbçilər toplusu qismində təqdim edirdi.
“Bild” yazırdı: “Türkiyə bu dəfə Azərbaycanda öz “Bayraktar TB2″lərini bu dronlara qarşı müqavimətə hazır olmayanlara qarşı istifadə edir. Bu dəfə hədəfdə ermənilərdir”.
Bu ilin fevralın 24-də Rusiya Ukraynaya qoşun yeridərək müharibəyə başlayanda isə ukraynalılar Türkiyədən aldıqları “Bayraktar”larla rusların mövqelərini, maşın karvanlarını, zirehli texnikalarını, zenit-raket komplekslərini və artilleriya qurğularını məhv etməyə başladılar.
“Bayraktar TB2″ni “qatil dron” adlandırmış “Bild”, heyrətamiz şəkildə mövqe dəyişərək bu dəfə “Ümidlərin silahı” (Die Waffe der Hofnung) başlıqlı redaksiya məqaləsini dərc etdi.
Məqalədə “Bayraktar” vəsf olunur, ən effektiv silahlardan biri sayılır, Ukraynanın müharibədə qələbə ümidlərindən biri kimi təqdim edilir.