Gəncədə sürücü yol polisinin əmrinə tabe olmayıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yol Patrul Xidmətinin əməkdaşı tabe olmayan avtomobilin arxasınca qaçıb. Ancaq buna məhəl qoymayan sürücü qaçmağa çalışıb və yol polisi müvazinətini itirərək yıxılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparan zaman VAZ markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb:
“Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yarandığından ona müayinədən keçməli olduğu bildirilib. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınmağa çalışıb. Polis əməkdaşlarının qətiyyətliliyi və çevikliyi nəticəsində sürücü saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü tabe olmadığına və sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində protokol tərtib olunub”.