Azərbaycanda milyonluq dələduzluq: Saxlanılanlar var (Video izlə)

Naməlum şəxslərin “Instagram” sosial şəbəkəsində və müxtəlif xəbər portallarında elanlar yerləşdirərək pul qismində yatırım edəcəkləri halda beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı həyata keçirmək yolu ilə külli miqdarda maddi vəsait qazanacaqları adı altında vətəndaşları aldatmaları barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində zərərçəkənlərin etibarından sui-istifadə edərək onları qeyd edilən yolla aldadan Rəşid Bayramov və tanışı Vüqar Əliyev saxlanılıblar. 

Müəyyən edilib ki, bu şəxslər “Instagram” sosial şəbəkəsində “_bayramoff_666_” və “shahra_mmc” adlı profillər yaradaraq onlara müraciət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər veriblər. Özlərini etibarlı biznes tərəfdarları kimi göstərmək və bu iş vasitəsi ilə külli miqdarda qazanc əldə etməyin mümkünlüyü barədə görüntü yaratmaq məqsədi ilə Rəşid Bayramov və Vüqar Əliyev səhifələrdə müxtəlif şirnikləndirici videolar yerləşdiriblər. Onlar müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradıblar. Bu yolla 100-dən artıq şəxsin pulunu ələ keçirən hər iki şəxs əslində beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etməyərək dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Rəşid Bayramov və Vüqar Əliyevin bu yolla insanlara 1 milyon manata yaxın ziyan vurduqları müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Rəşid Bayramov və Vüqar Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video