Azərbaycanda kağız pullar nə zaman dövriyyədən çıxacaq? – AÇIQLAMA

Son illər kağız pulların yavaş-yavaş tədavüldən çıxdığının şahidi oluruq. Bir sıra ölkələrdə valyutalar fərqli formalarda əvəzlənir. Buna bir nümunə kimi Norveçdə çiplərdən istifadəni göstərə bilərik. 

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verib. 

Ekspert sözlərinə görə, kağız pulların tədavüldən çıxması prosesi bütün dünyada olduğu kimi Azərbaycanda da başlayıb:

“Bu, müəyyən bir müddət alacaq ki, proses hər bir ölkə üçün fərqli zaman kəsiyində gedəcək. İsveç, Norveç, İsveçrə, Belçika kimi inkişaf etmiş Avropa ölkələrində kağız pulların 95 faizinin tədavüldən çıxdığını müşahidə edirik. Lakin biz şərqə doğru gəldikdə, Asiya, Afrika ölkələrinə, o cümlədən Azərbaycana baxanda görürük ki, vəziyyət fərqlidir. Bir isveçli üçün kağız pulların tədavüldən çıxması dövrü bir azərbaycanlı ilə eyni olmayacaq. Lakin proses başlayıb, Azərbaycan da hər zamankı kimi prosesin önündə yox, arxasınca sürünür. Bizdə yeniliklərə müqavimət göstərən orta və yaşlı mühafizəkar nəsil var. Bu qəbildən olan şəxslər təkcə müqavimət göstərmir, eyni zamanda digital bacarıqlara malik olmamaqla bərabər bu yeniliklərdən xəbərdar deyillər. Pandemiya sözügedən sahədə bir qədər dəstəkləyici faktor oldu. Nağdsız ödənişlərin dövriyyəsində təkcə 2020-ci ildə 2,5 dəfə artım baş verib və tendensiya davam etməkdədir. Lakin kağız pulların nə zaman tam olaraq tədavüldən qaldırılacağını demək çətindir. Ölkədə bunun regional strukturuna da baxa bilərik. Məsələn, rayonlarda ödənişin 95 faizi nağd şəkildə aparılır və nağdsız ödənişlərin həyata keçirilməsi üçün adi infrastruktur belə yoxdur”. 

R.Həsənov kriptovalyutalardan da bəhs edərkən bildirib ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır:

“Kriptovalyuta yalnız pul deyil, eyni zamanda digital hesablaşma sistemidir. Bu baxımdan düşünmürəm ki, pul kriptovalyuta ilə əvəzlənəcək. Fikrimcə, kağız pulların milli valyutaların elektron versiyaları ilə əvəzlənməsi ehtimalı daha yüksəkdir. İndiki halda proses sadəcə rəqəmsal ödənişlərdən gedir. Bu istiqamətdə də işlər başlayıb. Bəzi ölkələrdə mərkəzi banklar milli valyutaların elektron versiyalarını tədavülə buraxırlar. İndiki halda sınaq xarakteri daşısa da, bir sıra ölkələrdə bu müddət bitib. Hesab edirəm ki, ilkin mərhələdə bu variant həyata keçiriləcək və yaxın 10 ildə elektron pullar ümumi tədavülün 30 faizdən çox hissəsini götürəcəklər, lakin onu deyə bilərəm ki, Azərbaycanda kağız pullar ən azı 20 il dövriyyədə olacaq”.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video