Azərbaycanda internetin keyfiyyəti, sürəti, əhatə dairəsi ilə bağlı problemlər yaşandığı abunəçilər tərəfindən tez-tez dilə gətirilir. Yaşanan problemlərlə bərabər internet tariflərinin yüksək olması da çox zaman narazılıqlara səbəb olur. Abunəçilər verilən internetin keyfiyyəti ilə qiymətinin düz mütənasib olmadığını hesab edirlər.
Mövzu ilə əlaqədar “Aztelekom” və “Baktelecom” şəbəkələrindən bildirilib ki, hazırda internet xidmətinin təminatı istiqamətində kütləvi nasazlıq müşahidə olunmur. Qeyd edilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiberoptik kabellərlə əvəzlənir.
“Bu günə qədər layihə çərçivəsində 1 milyondan çox ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə əhatə edilib. Bu da Azərbaycanın təxminən 42 faiz ev təsərrüfatını əhatə edir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.
Hazırda 50 rayon və şəhərdə işlər davam etdirilir və planlı şəkildə bütün rayonlar əhatə ediləcək. Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.
“Aztelekom” və “Baktelecom” tərəfindən rəqəmsal xidmətlər və müştəri təcrübəsinin təkmilləşdirilməsi və innovasiyaların təşviq edilməsi üçün gələcəkdə yeni internet paketlərinin təqdim edilməsi nəzərdə tutulub və ən qısa zamanda abunəçilərə daha sürətli internet paketlərinin təqdim olunması gözlənilir”, – deyə məlumatda vurğulanıb.
Sorğuya cavabda o da qeyd edilib ki, əhalinin yüksəksürətli internetə çıxışının təmin edilməsi məqsədilə bu yaxınlarda “Baktelecom” dünyanın qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıqda uğurlu nəticə göstərib. Belə ki, “Bakı Telefon Rabitəsi” MMC test şəraitində Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olub. Bununla bağlı yeni internet paketi tariflərinin təqdim edilməsi nəzərdə tutulur:
“Ölkəmizdə rəqəmsal dayanıqlılığın gücləndirilməsi və internetin keyfiyyətinin yaxşılaşdırılması “Aztelekom” və “Baktelecom”un əsas prioritetlərindəndir. Bu, ölkəmizin beynəlxalq reytinqlərdəki göstəricisinə də öz təsirini göstərir. Belə ki, “Speedtest Global Index”də 2022-ci ilin may ayının ümumi göstəricisinə görə, Azərbaycanda internetin orta sürəti 21,01 mbit/s idisə, cari ilin müvafiq dövründə 29,14 mbit/s sürətə çatıb. Hesablamalardan da görünür ki, ölkəmizdə ötən ilin və bu ilin eyni vaxt nisbətində internetin sürətində 40 faizə yaxın artım müşahidə edilib.
Bu gün isə “Aztelekom” və “Baktelecom” tərəfindən abunəçilərə bir neçə tarif paketi təklif olunur. Abunəçilər özləri sürəti seçmə hüququna sahibdirlər.
Hazırda internet xidmətinin təminatı istiqamətində tərəfimizdən kütləvi nasazlıq müşahidə olunmur. Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Əgər hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar.
Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır”.