Texas A&M Universitetinin (TAMU) alimləri ilk dəfə dörddə üçü reqolitdən – Ay tozundan ibarət olan torpaqda noxud yetişdirə biliblər.
Müvafiq araşdırma elmi qurumun rəsmi saytında dərc olunub.
“Ayda Yer kimi torpaq yoxdur. Planetimizdə torpaqda bitkilərin böyüməsini dəstəkləyən qida və mikroorqanizmlərlə dolu üzvi material var. Ayda bu yoxdur. Bunu aşağı qravitasiya, radiasiya və toksinlər kimi digər problemlər daha da çətinləşdirir”, – elmi işin müəllifi, TAMU-nun aspirantı Cessika Etkin qeyd edib.
Yerin torpağının bərpası mexanizmlərindən istifadə edərək, Etkin və onun həmkarları ay tozuna münbit xüsusiyyətlər vermək üçün faydalı göbələklərin və biohumusun qarşılıqlı təsirindən istifadə ediblər.
Qeyd olunur ki, bu əlavələr zəhərli çirkləndiriciləri təcrid etməyə və torpağın strukturunu yaxşılaşdırmağa, tərkibindəki bitkiləri daha uzunömürlü və dayanıqlı hala gətirə bilib. Torpaq göbələkləri toksinləri təcrid edir, zərərli maddələr kök sistemi vasitəsilə məhsullara daxil olmamışdan əvvəl onları tutub saxlayır.
Qeyd olunub ki, Yer kürəsində noxud təxminən 100 günə yetişir, Ay qarışığında isə bitkilərin yetişməsi 120 gün çəkdi.
Tədqiqatçılar hesab edirlər ki, onların eksperimenti gələcək Ay missiyalarının iştirakçılarına özlərini zülallı qida ilə təmin etməyə və Yerdən gələn qidalardan daha az asılı olmağa kömək edəcək.