Dünyanın ilk urbanizasiya yerlərindən biri olan Türkiyənin Çatalhöyük bölgəsində aparılan qazıntılar zamanı 8 600 illik çörək tapılıb.
Konya şəhərinin Çumra rayonunda yerləşən və Neolit dövründə təxminən səkkiz min insanın bir yerdə yaşadığı Çatalhöyükdə girişi yuxarıdan olan, bir-birilərinə bitişik kərpic evlərin olduğu “Mekan 66” adlı ərazidə soba aşkar edilib.
Əksər hissəsi dağıdılmış olan sobanın ətrafında buğda, arpa, noxud toxumu və qida ola biləcəyi ehtimal edilən ovuc içi böyüklüyündə tapıntıya rast gəlinib. Aparılan analizlər nəticəsində tapıntının eramızdan əvvəl 6600-cü ilə aid olan mayalı çörək olduğu müəyyən edilib.
Bununla bağlı açıqlama verən türkiyəli mütəxəssis Ali Umut Türkcanın sözlərinə görə, indiyədək belə bir nümunəyə rastlanmayıb.
“Çatalhöyükdəki bu tapıntının dünyanın ən qədim çörəyi olduğunu söyləyə bilərik. Bu orqanik qalıqla bağlı aparılan müşahidələr, təhlillər və müəyyən edilən tarix nəzərə alınarsa, onun təxminən 8 600 illik bir çörək olduğunu deyə bilərik. Ortasına barmaq sıxılıb, sobaya verilməyib amma mayalanıb, tərkibindəki nişastalarla bu günə qədər gəlib çatıb. Bu günə qədər belə bir nümunə olmayıb”, – deyə o qeyd edib.