Almaniyanın Sol Partiyası Qəzza zolağında İsrailin hücumlarından əziyyət çəkən mülki əhaliyə həmrəylik məqsədilə Berlin şəhərinin meri binası – Qırmızı Zalın üzərindən işğalçı rejimin bayrağının endirilməsini tələb edib.
Qafqaz Times -ın “Die Welt” qəzetinə istinadla verdiyi məlumata görə, Berlin-Mitte dairəsindəki Sol Partiyası İsrail bayrağının Qırmızı Zalın qarşısından götürülməsi üçün rəsmi müraciət edib.
Berlinin meri Kay Vaqner bu tələbi açıq şəkildə rədd edərək bildirib ki, Sol Partiya “narahatedici” mövqeyinə aydınlıq gətirməlidir.
2023-cü il oktyabrın 7-də Həmasın “Əl-Əqsa Tufanı” əməliyyatından bəri, Berlinin Qırmızı Zalı qarşısında Avropa və Almaniya bayraqları ilə yanaşı İsrail bayrağı da asılıb. İndi Sol Partiya onun endirilməsini istəyir.
İyun ayının ortalarında Berlin şəhər şurasında “Müharibənin nəticələri” adlı təkliflə çıxış edən Sol Partiya senatdan həmin bayrağın Qırmızı Zalın üzərindən endirilməsini tələb edib.
Partiya bu çağırışını Qəzza və Fələstindəki mülki əhaliyə həmrəylik, eləcə də Berlində yaşayan fələstinlilərin narahatlıqlarına diqqət yetirmək istəyi ilə əsaslandırıb. Qeyd olunub ki, bu bayraq bir çox fələstinli üçün hazırkı müharibənin simvolu kimi təhqiredicidir.
Qırmızı Zalın ətrafında anti-İsrail etiraz aksiyaları mütəmadi olaraq keçirilir. Sol Partiya bildirib ki, Berlindəki fələstinlilər ayrı-seçkilik, təzyiq və sistemli irqçilikdən qorunmalıdır.
Berlin meri Kay Vaqner (Xristian Demokrat İttifaqı) bu tələbi qəbul etməyərək Sol Partiyanı antisemitizmdə ittiham edib. O, açıqlamasında deyib: “İsrailin son girovu azad olunana qədər Qırmızı Zalın üzərində İsrail bayrağı qalacaq. Əgər Sol Partiya bu bayrağı ‘ağır bir simvol’ hesab edirsə, o zaman antisemitizmə dair narahatedici mövqeyinə ciddi şəkildə yenidən baxmalıdır. Bu həqiqəti heç nə dəyişməyəcək.”
Mart ayında Münhen şəhər şurasının solçu üzvləri də İsrail bayrağının şəhər meriyasından endirilməsini tələb etmişdilər. Həmin bayraq da 2023-cü ilin oktyabrından etibarən şəhər meriyasının qarşısındakı eyvanda asılmış vəziyyətdədir.