Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin 9 iyulda bildirib ki, Pekinə qarşı irəli sürülən bu ittiham “Çinin bildiyi faktlarla tam ziddiyyət təşkil edir.” O, bu məsələ ilə bağlı daha çox və vaxtında məlumat mübadiləsi aparılmasını və gələcək anlaşılmazlıqların qarşısının alınmasını tövsiyə edib.
Mao qeyd edib ki, Çin donanmasının Ədən körfəzində və Somali sahillərində müşayiət missiyaları Pekinin beynəlxalq ticarət yollarının təhlükəsizliyinə töhfəsini göstərir.
Bu açıqlama, Almaniyanın Çin səfirini 8 iyulda Xarici İşlər Nazirliyinə çağırmasından sonra verilib. Almaniya ordusu iddia edib ki, Avropa İttifaqının Qırmızı dənizdə apardığı hərbi əməliyyatlar çərçivəsində bir Çin hərbi gəmisi alman təyyarəsini lazerlə hədəf alıb.
Almaniya Xarici İşlər Nazirliyi bildirib: “Alman hərbi personalını təhlükəyə atmaq və əməliyyatı pozmaq tamamilə qəbuledilməzdir.”
Der Spiegel məlumat verib ki, insidentin dəqiq nəticələri hələ müəyyən edilməyib və araşdırmalar davam edir. Digər alman mediası isə iddia edib ki, təyyarə Çin gəmisinə yaxınlaşırmış və lazerin istifadəsi müdafiə məqsədli reaksiya ola bilər.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, lazerlə hədəfə alınan təyyarə çoxsensorlu platformadır və “uçan göz” kimi tanınır – genişmiqyaslı müşahidə funksiyalarına malikdir. Təyyarə mülki pilotlar tərəfindən idarə olunur, lakin göyərtəsində hərbi personal da var.
Sözügedən təyyarə Qırmızı dəniz üzərində “rutin patrul uçuşu” həyata keçirirmiş. Almaniya tərəfi bildirir ki, təyyarə “öncədən xəbərdarlıq və ya əlaqə olmadan” lazerlə hədəfə alınıb. “Bu hərəkətlə Çin hərbi gəmisi həm insanlara, həm də avadanlıqlara zərər riski yaratmışdır.”
Təyyarə Avropa İttifaqının “Aspides” adlı dəniz əməliyyatı çərçivəsində fəaliyyət göstərirdi. Bu missiya, Yəmənin İsrail limanlarına yönəlmiş gəmi hücumlarının qarşısını almaq üçün ötən il başladılıb.
Bu insident, Yəmən Silahlı Qüvvələrinin dənizdəki əməliyyatlarını artırdığı bir vaxta təsadüf edir. 7 iyulda Yəmən ordusu Qırmızı dənizdə Magic Seas adlı gəmiyə zərbə endirib, xəbərdarlıqlara əməl olunmadıqdan sonra gəmini batırıb. Ekipaj isə əvvəlcədən təxliyə edilmişdi.
ABŞ-ın Yəmənə qarşı may ayında başa çatan hərbi kampaniyası zamanı ən azı 1 milyard dollarlıq sursat sərf edilib. New York Times yazır ki, bu, ABŞ hərbi ehtiyatlarının azaldığına və Çinlə mümkün toqquşma olacağı halda “real əməliyyat problemləri” yaşana biləcəyinə dair narahatlıqları artırıb.
Son aylarda ABŞ və onun müttəfiqləri Çin qüvvələrini “peşəkar olmayan” və “aqressiv” davranışlarda ittiham edir.