Aksiya keçirən siyasi fəal həbs edildi

AXCP fəalı polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edilir. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı, iyulun 7-də etiraz aksiyası keçirən Əlizamin Salayev həbs edilib. Salyan Rayon Məhkəməsində onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə 30 sutkalıq həbs qərarı çıxarılıb.

Əlizamin Salayev iyulun 7-də günorta saatlarında Salyan şəhərindəki mərkəzi parkda etiraz aksiyası keçirərkən “Facebook” hesabından canlı yayım açıb. O bildirib ki, oğlu Oqtay Salayevin avtomobilindən xeyli vaxtdır oğurluq olub. Lakin cinayətin üstü açılmır. O, daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək, Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərovdan şikayətlənib.

Canlı yayım davam etdiyi vaxt polis əməkdaşları yaxınlaşıb, daha sonra Əlizamin Salayev Salyan Rayon Polis Şöbəsinə aparılıb. Təxminən 4-5 saat sonra isə onun haqqında həbs qərarı verildiyi məlum olub.

İddia olunur ki, Əlizamin Salayev sərxoş vəziyyətdə mərkəzi parkda ictimai asayişi pozub, səs-küy salıb. Polis əməkdaşları onu intizama dəvət etsələr də, onların qanuni əmrinə tabe olmayıb, müqavimət göstərib. Bu səbəbdən saxlanılaraq, Salyan Rayon Polis Şöbəsinə gətirilib. Orada barəsində inzibati protokol tərtib edilib, ardınca da məhkəməyə aparılıb. Məhkəmədə isə onun haqqında 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, Əlizamin Salayev 21 yaşlı Oqtayı məsuliyyətdən yayındırmaq, cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə səs-küy qaldırıb:

“Oqtay Salayev bu il fevralın 8-də idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə təyin edilmiş 150 manat cəriməni uzun müddət ödəməyib. Ona görə həmin məbləğ dəbbə ilə birlikdə 240 manata çatıb. İyunun 29-da Oqtay Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb. Bu xətaya görə onun barəsində növbəti inzibati xəta protokol tərtib edilib. Hal şahidlərinin iştirakıyla avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. Bu gün Oqtay Salayevin atası oğlunu məsuliyyətdən yayındırmaq məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək ictimai asayişi pozub, əsassız səs-küy qaldırıb”.

Əlizamin Salayev bir neçə gün əvvəl də sosial şəbəkələr vasitəsilə aksiya keçirəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, oğlunun avtomobili cərimə meydançasına aparılarkən təhvil-təslim olmayıb, avtomobildə olan, dəyəri təxminən 850 manatlıq əşya oğurlanıb. Bununla bağlı şikayətləri isə nəticəsiz qalıb.

Əlizamin Salayevin oğlu Oqtay Salayev Meydan TV-yə DİN-nin məlumatını təkzib edib. Oqtay Salayev bildirib ki, onun avtomobilini akta imza etdirmədən, təhvil-təslim almadan həbs ediblər:

“Zərgər olduğumdan maşında içində qızıl-zinət, həmçinin, evin sənədləri olub, hazırda heç biri yoxdur. Bütün bunlar barəsində Salyan Rayon Yol-Patrul Xidmətinin rəisi Tural Namazov müraciət etsəm də, əhəmiyyət vermədi”.

Oqtay Salayev avtomobilin arxa nömrəsinin olmadığını təsdiqləyib:

“Nömrə yeri çürüdüyündən vurmamışdım, arxa şüşəyə qoymuşdum. Polislərə də demişdim ki, səbrli olun, həll edəcəm. Elə obyektin qarşısında nömrəni qoymaq istəyirdim ki, Tural Namazov məni saxladı və dedi ki, polisi saymırsan, sabahdan duxun çatırsa, maşını sür…Yəni mübahisə belə başlayıb”.

Oqtay Salayev deyib ki, atası asayişi pozmayıb, sadəcə, parkda canlı yayım açıb aksiya keçirmək istəyib. Buna görə 30 sutka inzibati cəza veriblər”.

AXCP Əlizamin Salayevin oğlunu məsuliyyətdən yayındırmaq məqsədilə səs-küy salması, polisə müqavimət göstərməsi haqda ittihamın absurd olduğunu bəyan edib:

“Hamı bilir ki, Əlizamin Salayevi susdurmaq üçün növbəti dəfə saxta ittihamla həbs ediblər. Əlizamin bəy bundan əvvəl də dəfələrlə saxta ittihamlarla həbs olunub, işgəncəyə məruz qalıb. Bu cür saxta qərarlarla kimisə inandırmaq mümkün deyil…”

Həbs qərarından apelyasiya şikayəti veriləcək.

AXCP fəalı dəfələrlə polisə müqavimət ittihamıyla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Əlizamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovu ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Əlizamin Salayev bir neçə gün öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video