Yəhudi mediası mart ayından bəri 31 əsgərin öldüyünü açıqlayıb, onların 20-si yalnız iyun ayında həlak olub
Yəhudi “Yedioth Ahronoth” qəzeti 1 iyulda yazıb ki, İsrail mart ayında Qəzzada müharibəni bərpa etdikdən sonra fələstinli müqavimət dəstələri tərəfindən 31 israilli əsgər öldürülüb.
Qəzet bu itkiləri “Qəzzaya qarşı müharibəni bitirməkdə tərəddüdün baha başa gəlməsi” kimi qiymətləndirib.
Bildirilib ki, 2023-cü ilin oktyabr ayının sonundan başlayan quru əməliyyatlarından bəri 436 israilli əsgər öldürülüb, 2743 nəfər yaralanıb.
Məlumata görə, müharibə başlayandan indiyədək yaralı hərbçi və zabitlərin sayı 6029 nəfərə çatıb. Qəzet həmçinin qeyd edib ki, 41 israilli girov İsrailin hava zərbələri və artilleriya atəşləri nəticəsində, eləcə də Həmas tərəfindən öldürülüb.
İsrailin 13-cü Kanalı bildirib ki, may ayında başladılan genişmiqyaslı “Gideonun Arabaları” əməliyyatı öz məqsədlərinə çatmayıb.
Rəsmilər həmin vaxt bu əməliyyatın Həması məğlub etmək və girovları azad etmək məqsədi daşıdığını desələr də, Kanal 13 bildirib ki, əslində əldə edilən sadəcə çox sayda israilli əsgərin ölümü və Qəzza zolağının böyük hissəsinin dağıdılması olub.
İsrail ordusu bazar günü müqavimət tərəfindən yerləşdirilən partlayıcı qurğunun partlaması nəticəsində bir əsgərin öldüyünü elan edib.
Bu, iyun ayının əvvəlindən bəri müqavimət qüvvələrinin öldürdüyü 20-ci israilli əsgər olub və qeyd edilir ki, bu 20 əsgər cəmi bir həftə ərzində öldürülüb.
Son günlərdə İsrail Qəzzanın şimalına hücumları intensivləşdirib, geniş ərazilərdə, o cümlədən Qəzza şəhəri və Cəbaliyada əhalinin köçürülməsi ilə bağlı göstərişlər verib.
Həmasın Qəssam Briqadaları və digər müqavimət dəstələri bütün Qəzza boyunca İsrail qoşunlarına qarşı döyüşləri davam etdirir.
29 iyunda “İsrael Hayom”a danışan israilli rəsmilər ordunun “Gideonun Arabaları” əməliyyatının tamamlanmaq üzrə olması ilə bağlı qiymətləndirməsini rədd edərək Həmasın hələ də məğlub edilmədiyini bildiriblər.
Hesabatda vurğulanıb ki, Həmas hələ də rəhbərlik, təşkilatlanmış qüvvələr və əməliyyat nəzarətini qoruyub saxlayır.
Keçən həftə isə Həmasın Qəssam Briqadalarının təşkil etdiyi pusqu nəticəsində yeddi israilli əsgər eyni vaxtda öldürülüb.