ABŞ və Türkiyənin Suriyada ortaq mövqe axtarışı – Son Hissə

Ərdoğan Suriyada siyasi və təhlükəsizlik problemləri həll olunduqdan sonra, bu kiçik ərəb ölkəsinin enerji resurslarının Ankaranın və Bakının ixtiyarına verilməsi üçün yolun açılmasını istəyir.
Qafqaz Times-ın məlumata görə, Trampın Suriyadakı xüsusi nümayəndəsi və ABŞ-ın Türkiyədəki səfiri Tom Barak, “SDQ” silahlı dəstələri ilə Əhməd Şaraanın müvəqqəti hökuməti arasında razılaşmanın yekunlaşdırılması üçün yol axtarır.

Birinci hissədə də qeyd edildiyi kimi, Barak bu yolda Türkiyənin tələblərini dəstəkləyib və son müsahibəsində, Suriyanın şimalında kürd silahlı dəstələri ilə Dəməşq rəsmiləri arasında davam edən fikir ayrılıqlarından narahat olduğunu bildirərək, onlara tərəddüdü və vaxt itkisindən çəkinməyi və Suriya ordusuna qoşulmağı tövsiyə edib.

Barak “bir dövlət, bir ordu, vahid Suriya” şüarını təkrar edərək əslində Türkiyənin siyasi və təhlükəsizlik tezislərini dəstəkləyib və açıq şəkildə kürdlərə müraciət edərək bildirib ki, onlar federallıq və ya başqa modelləri düşünməməli, yeganə yolun Dəməşqə qoşulmaq olduğunu başa düşməlidirlər.

“SDQ” qüvvələrinin baş komandanı kimi tanınan Məzlum Əbdi, daha əvvəl Əhməd Şaraa ilə görüşündə bir razılaşma imzalayaraq hərbi qüvvələrin vahid bir struktura birləşdirilməsini qəbul etdiyini elan etmişdi.

Amma indi, görünür ki, o, qüvvələrin birləşdirilməsinin forması ilə bağlı tərəddüdlər keçirir və Ankara bu düyünün PKK-nın həbsdə olan lideri Abdullah Öcalan və ABŞ səfiri Barakın vasitəçiliyi ilə açılmasını gözləyir. Çünki Öcalan daha əvvəl Ankaranın təhlükəsizlik rəsmilərinə ünvanladığı bir məktubda Məzlum Əbdini öz mənəvi övladı hesab etdiyini və onun Öcalanın fikirlərini qeyd-şərtsiz yerinə yetirəcəyinə dair Türkiyəyə əminlik verdiyini bildirmişdi.

Problem yalnız silahlı qüvvələrlə bağlı deyil!

Bildirilir ki, Suriyanın şimalında Öcalanın tabeliyində olan silahlı dəstələrlə Ankaranın himayəsində olan Əhməd Şaraa hökuməti arasında əsas fikir ayrılığı odur ki, kürdlər vahid və müstəqil bir legion kimi Suriya ordusuna qoşulmaq istəyirlər və onların şəxsi heyəti digər bölmələr arasında bölünüb dağıdılmasın. Amma indi məlum olub ki, hərbi qüvvələrin birləşdirilməsi ilə yanaşı, başqa problemlər də mövcuddur.

Kürd silahlı dəstələrinin Suriya ordusuna birləşdirilməsinin detalları ilə bağlı problemdən əlavə, bir sıra başqa məsələlərə də işarə etmək olar ki, onların çoxu Türkiyənin müdaxiləçi məqsədləri ilə birbaşa əlaqəlidir:
A) Suriyanın ən mühüm neft mənbələri Rumeylan və digər bölgələrdə yerləşir və bu ərazilər Öcalanın tabeliyində olan kürd silahlı dəstələrinin nəzarətindədir. Culani bu ərazilərin nəzarətinin Dəməşqə keçməsini istəyir ki, Türkiyə və Azərbaycanla imzalanacaq razılaşmadan sonra neftin kəşfiyyatı və hasilatı onların köməyi ilə davam etdirilsin.

B) “SDQ” üzvləri arasında başqa ölkələrin vətəndaşı olan yüzlərlə əcnəbi var. Dəməşq bu şəxslərin ölkədən çıxarılmasını istəyir, amma “SDQ” komandanı Məzlum Əbdi bildirib: “Minlərlə çeçen, uyğur və digər ərəb ölkələrindən olan şəxslər Heyət Təhrir əş-Şamın sıralarında yer alır və suriyalı deyillər. Əgər əcnəbilər çıxarılmalıdırsa, onlar da Suriyadan göndərilməlidir.”

Məsələni mürəkkəbləşdirən odur ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) yüzlərlə PKK üzvünü silahsızlandırma prosesi başa çatdıqdan sonra Türkiyəyə buraxmaq istəmir və onları Suriyanın şimal bölgələrinə göndərmək niyyətindədir.

Tom Barak qüvvələrin birləşdirilməsi və tərəflər arasındakı fikir ayrılığı ilə bağlı deyib: “Bu fikir ayrılığı hələ də iki tərəf arasında böyük bir maneə və problemdir. Düşünmürəm ki, bu barədə hər hansı irəliləyiş əldə olunub. Məncə bu proses kiçik addımlarla irəliləyəcək, çünki irəliləyiş etimad, öhdəlik və anlayışa əsaslanır. Uzun müddət ayrı qalmış və bəlkə də düşmən münasibətlərdə olmuş iki tərəf, addım-addım etimad qurmalıdır. Dəməşq hökuməti Demokratik Suriya Qüvvələrinə (SDQ) variantlar təqdim etməklə böyük bir iş görüb və ümid edirəm ki, onlar bu variantları nəzərdən keçirəcəklər. Ümid edirəm bunu tez bir zamanda edərlər. Çünki ABŞ, Suriya hökumətinə və bu ölkənin yeni ordusuna tam etimad göstərir və Demokratik Suriya Qüvvələri də İŞİD-lə mübarizədə dəyərli tərəfdaşdır.”

C) Dövlət quruluşu və PKK-ya yaxın kürdlərin siyasi və təhlükəsizlik vəzifələrində iştirakı da digər problemlərdən biridir. Lakin dəlillər göstərir ki, Türkiyə və ABŞ yalnız kürdlərin hərbi potensialından istifadə etmək istəyirlər. Trampın xüsusi nümayəndəsi bu barədə bildirib: “ABŞ əmin olmaq istəyir ki, SDQ qüvvələri yeni hökumətə hörmətlə inteqrasiya olunmaq imkanı əldə etsinlər.”

D) Əhməd Şaraa ilə Məzlum Əbdi arasında olan qeyri-müəyyən razılaşma ətrafında da çəkişmə davam edir. Mart ayında imzalanmış razılaşmanın birinci maddəsinə görə “bütün suriyalıların siyasi proses və dövlət təsisatlarında etnik və dini kimliklərindən asılı olmayaraq iştirak və təmsilçiliyi təmin edilir.”

İkinci maddə isə bildirir ki, “Dəməşq kürd cəmiyyətini Suriya dövlətinin ayrılmaz bir hissəsi kimi tanıyır” və “onların bütün əsas hüquqları, o cümlədən vətəndaşlıq hüququ təmin edilir.” Bu razılaşma həyata keçərsə, Demokratik Suriya Qüvvələrinin nəzarətində olan zəngin neft və qaz yataqlarının nəzarəti hökumətə veriləcək.

Demokratik Suriya Qüvvələri, həmçinin bir çox sərhəd keçidlərini və İŞİD döyüşçülərinin saxlandığı həbsxanaları da nəzarətdə saxlayır. Sənədin səkkizinci və son maddəsində razılaşmanın həyata keçirilməsi üçün 2025-ci ilin sonuna qədər komitələrin yaradılması nəzərdə tutulub. Lakin bu məsələlərin heç birində irəliləyiş əldə olunmayıb.

E) Digər bir fikir ayrılığı Afrin və Fərat çayının qərb sahillərindəki ərazilərlə bağlıdır. Türkiyənin tabeliyindəki hərbçilər hələ də bu bölgələri tərk etməyiblər və Ankaranın dəstəklədiyi radikal ekstremistlər bu ərazilərin əhalisinin böyük hissəsini didərgin salıblar. Daha əvvəl bu bölgələrin, xüsusən də Afrin, Rəs əl-Əyn (Serekaniyə) və Tel Əbyad (Girê Spî) əhalisinin evlərinə qayıtması ilə bağlı razılıq əldə olunmuşdu. Amma bu istiqamətdə heç bir addım atılmayıb və sübutlar göstərir ki, Türkiyə Afrindən çıxmaq niyyətində deyil.

Ankaranın Suriya kürdlərinin tələblərinə etirazı

Kürd komandirlərinə yaxın media orqanlarından olan “Hawar News” agentliyi yazıb ki, Məzlum Əbdi Əhməd Şaraa ilə görüşündə və ABŞ və Fransadan olan nümayəndələrin iştirakı ilə kürdlərin bu tələblərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb:
– Suriya Ərəb Respublikası adı dəyişdirilməli və yeni ad ərəb əlavəsi olmadan seçilməlidir.
– Mərkəzləşdirilməmiş bir idarəetmə sistemi yaradılmalı və kürdlərə öz bölgələrində yerli məsələlər üzrə qərar vermək səlahiyyəti verilməlidir.
– SDQ – Demokratik Suriya Qüvvələri Suriya ordusunda müstəqil bir blok kimi tanınmalı və bu blokun üzvləri ölkənin digər əyalətlərindəki digər hərbi birləşmələrdə işlədilməməlidir.

Türkiyənin Ədalət və İnkişaf Partiyasına yaxın “Türkiyə Qəzetəsi” yazıb ki, Dəməşq nümayəndə heyəti yuxarıdakı tələblərin hər birini qəti şəkildə rədd edib və bu görüşdə heç bir razılaşma əldə olunmayıb.

“Al-Monitor” media orqanında fəaliyyət göstərən Türkiyəli jurnalist analitik xanım Amberin Zaman bildirib ki, yaxın gələcəkdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və ya MİT rəhbəri İbrahim Kalının Dəməşqdə SDQ komandanı Məzlum Əbdi ilə görüşə biləcəyi ehtimalı var.

Amma bu addım kürdlərlə Dəməşq arasında ilkin razılaşma və SDQ-nin maksimum tələblərdən geri çəkilməsi ilə şərtlənir.

Bu türk jurnalisti həmçinin bildirib ki, son iki həftədə Ankaranın mövqeyində müəyyən yumşalma müşahidə olunur və mümkündür ki, Ərdoğan Suriyanın kürd bölgələrində yerli bir polis qüvvəsinin fəaliyyətini qəbul etsin, amma bu şərtlə ki, həmin qüvvənin komandanlığı mərkəzi hökumətin ixtiyarında olsun.

Məzlum Əbdi bildirib ki, onun tabeliyindəki qüvvələrin Suriya silahlı qüvvələrinə birləşdirilməsi mümkündür. Amma belə bir proses “siyasi mərkəzsizləşmənin tanınması və Suriyanın şimal və şərqindəki etnik və dini icmalar üçün təminatların daxil olduğu hərtərəfli siyasi razılaşma” əldə olunmasını tələb edir.

O, bu prosesin zamanlama mərhələsi haqqında deyib: “Qüvvələrimizin Suriya ordusuna birləşdirilməsi illər çəkə bilər. Çünki bizim qüvvələrimizin kimliyi və strukturu milli çərçivədə qorunmalıdır. Biz zahiri güzəştlərlə səthi sülh razılaşmaları istəmirik. Belə yanaşma siyasi narazılıqları daha da dərinləşdirir və kürd xalqının hüquqlarını nəzərə almır. Biz əvvəlki vəziyyətə qayıtmaq istəmirik və İŞİD-ə qarşı mübarizədə etdiyimiz fədakarlıqlar yalnız simvolik imtiyazlar əldə etmək üçün deyil, həqiqi dəyişiklik yaratmaq məqsədi daşıyırdı. Demokratik Suriya Qüvvələri (SDQ) ayrılmaq və ya müstəqil dövlət qurmaq fikrində deyil. Biz ayrılmaq istəmirik. Biz paytaxtı Dəməşq olan vahid Suriya istəyirik, amma orada hər kəsin hüquqlarının qorunduğu mərkəzləşdirilməmiş, demokratik siyasi icra strukturu olsun.”

Məzlum Əbdi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduğunu bildirsə də, sübutlar göstərir ki, Ankara, heç olmasa indiki şəraitdə, birbaşa iştirakda maraqlı deyil və Suriyalı kürdlərlə danışıqları və Dəməşqlə davamlı razılaşma əldə etmək səylərini Tom Baraka həvalə edib. Çünki Ankara əmindir ki, Əhməd Şaraa və ya Culani hökuməti Ankaranın məsləhəti və son təsdiqi olmadan heç bir razılaşmanı qəbul etməyəcək

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib