Qafqaz Times-ın məlumatına görə, ABŞ, Tel-Əvivə verilən qeyri-şərtsiz hərbi yardımlar çərçivəsində İsrail ordusu üçün 20 yeni hərbi baza inşa etməyə hazırlaşır.
İvritdilli “Haaretz” qəzetinin xəbərinə əsasən, ABŞ ordusunun mühəndis briqadaları bu layihələrə rəhbərlik edəcək və tikiləcək obyektlərə yeni təyyarə və helikopterlərin yerləşdirilməsi üçün bazalar, eləcə də İsrailin xüsusi təyinatlı komando birliyi üçün yeni qərargah daxildir. Layihələrin ümumi dəyəri 1.5 milyard dollardır.
Bu tikinti xərcləri, ABŞ-ın İsrailə illik ayırdığı 3.8 milyard dollarlıq hərbi yardım paketindən qarşılanacaq. Layihələrin tender sənədləri artıq hazırlanıb və yaxın ayda yayımlanması gözlənilir. Tenderlərin ABŞ ordusuna bağlı podratçılar tərəfindən həyata keçiriləcəyi bildirilir.
Məsələ ilə bağlı məlumatlı jurnalist Od Yaronun bildirdiyinə görə, bəzi tender sənədləri yüzlərlə, hətta minlərlə səhifədən ibarətdir və dəqiq texniki şərtləri, planları və tələbləri əhatə edir. Bu sənədlərə əsasən, ən böyük layihələrdən bəziləri İsrail Hərbi Hava Qüvvələrinə aiddir – o cümlədən baza yeniləmələri, uçuş-enmə zolaqlarının və taksi yollarının təmiri artıq icra mərhələsindədir.
Digər layihələr isə gələcəkdə istifadəyə veriləcək KC-46 Pegasus yanacaqdaşıyan təyyarələri və CH-53K ağır helikopterlərinin yerləşdirilməsi üçün infrastruktur qurulmasını əhatə edir.
Planlar çərçivəsində, İsrail Hərbi Dəniz Qüvvələrinin Şayetet 13 xüsusi təyinatlı birliyi üçün işğal olunmuş Fələstinin şimalındakı Atlit bölgəsində yeni qərargah binasının tikintisi, eləcə də “TAMA 38” və “TAMA 58” adlı layihələr vasitəsilə zirehli texnikanın saxlanma və təmir mərkəzlərinin yenilənməsi də nəzərdə tutulur.
Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Barak Obama 2016-cı ildə Tel-Əvivlə əldə olunan razılaşma çərçivəsində, 2019–2028-ci illəri əhatə edən dövrdə İsrailə illik 3.8 milyard dollar həcmində hərbi yardım göstərməyə söz verib. Hazırkı ABŞ prezidenti Donald Tramp “Əvvəl Amerika” şüarı ilə bəzi müttəfiqlərə xarici yardımları azaldıb və ya tamamilə kəsib. Lakin bu yardımların İsrailə yönəldilən hissəsinin azaldılması və ya Obamanın razılaşmasının təftişi mövzusunda heç bir müzakirə aparılmayıb.