Bir neçə gün sonra Həmas-İsrail razılaşmasına əsasən, ən böyük əsir mübadiləsi prosesində İsrail həbsxanalarından 800-ə yaxın fələstinli əsir azad ediləcək.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, fevralın 22-də 3 sionist girov və 5 cəsəd qarşılığında 800 fələstinli əsir azad ediləcək.
Məlumata görə şənbə günü bu prosesdə İordan çayı qərb sahilindən olan Əl Qəssam Briqadalarının komandirləri, o cümlədən Əbdül Nasir İsa, Osman Bilal və Əmmar Əlzəbən də azadlığa buraxılacaq.
Həmçinin bu mübadilə siyahısında 59 nəfər əbədi həbs qərarı olanlar, Qəzzə müharibəsi əsnasında əsir götürülən 200 qadın, uşaq və ailələr də var. 800 nəfərdən 445 nəfəri isə son müharibə dövründə həbs olunan fələstinlilər də bu mübadilədə azad olunacaqlar.
Xatırladaq ki, yanvarın 15-də İsrail və HƏMAS-ın Qəzzada saxlanılan girovların azad edilməsi və anklavda atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyi məlum olub. Üç mərhələdən ibarət olan saziş yanvarın 19-da qüvvəyə minib. Razılaşmaya əsasən, sazişin birinci mərhələsinin həyata keçirilməsi 42 gün davam edəcək və bu müddətdə HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların mübadiləsi müqabilində ən azı 33 israilli girovu azad etməlidir. İsrailə artıq 19 girov qayıdıb.