İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ötən illərdən bağlı qalmış oğurluq hadisələrinin açılması və cinayət əməllərini törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin mart ayında İmişli rayon sakini İ.Əmirova məxsus yardımçı təsərrüfatdan 21 baş xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişə 3500 manata yaxın maddi ziyan vuran iki nəfər saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Şamil Kazımov və tanışı, əvvəl məhkum olunmuş Elbrus Muradov olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs dörd il əvvəl törətdikləri cinayət əməlini etiraf ediblər.
Bundan əlavə həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Muradov bu ilin may ayının 25-də rayon ərazisində yerləşən mağazaların birindən qanunsuz daxil olaraq, oradan 300 manat pul və 150 manat dəyərində danışıq kartları, eləcə də bir ədəd noutbuk oğurlamaqla mağaza sahibinə 850 manat maddi ziyan vurub.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.