Əvvəl qayda pozdu, sonra bıçaq çıxarıb özünü vurdu

Goranboyda qəza törədən şəxslə polis əməkdaşları arasında insident baş verib.

Hadisə iyunun 15-də rayonun Nizamikənd kəndində qeydə alınıb. Mingəçevir sakini, 41 yaşlı Amil Yelmarovun idarə etdiyi “Mercedes” və Goranboy sakini, 53 yaşlı Müşfiq Əliyevin idarə etdiyi “Khazar” avtomobilləri toqquşub.

Yol Patrul Xidmətinin (YPX) əməkdaşları hadisə yerinə gələn zaman sərxoş halda olan M.Əliyev polis əməkdaşlarından hadisəni özünün deyil, oğlunun adına sənədləşməsini tələb edib. Bunun mümkün olmadığını bildirdikdə, o, polis əməkdaşlarını təhqir edib, bıçaqla digər sürücüyə hücum çəkib. Onun bu hərəkətinin qarşısı alınıb, hücuma məruz qalan sürücünün təhlükəsizliyi təmin edilib.

Bu zaman M.Əliyev bıçaqla özünə xəsarət yetirib. O, polis əməkdaşları tərəfindən Gəncə şəhər xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, M.Əliyev əvvəllər də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya görə məhkum olunub.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video