QafqazTimes xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmisi Livanda Hizbullahın nüfuzunun qarşısının alınmasını Ağ Evin əsas məqsədlərindən biri hesab edib.
ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Ethan Qoldriç iddia edib ki, Co Bayden administrasiyası Hizbullahın Livana yaratdığı təhdidlərdən xəbərdardır və qrupun bu ölkədəki nüfuz dairəsilə mübarizə aparmağa çalışır.
O, cümə axşamı deyib: “Livandakı böhranlar daha da mürəkkəbləşdikcə, biz Hizbullahın Livan, ABŞ və region üçün yaratdığı təhlükənin fərqindəyik.”
Qoldriç söz verib ki, Vaşinqton “Hizbullah təhlükəsi” ilə mübarizə üçün əlində olan bütün vasitələrdən istifadə edəcək.
O, həmçinin deyib: “Əslində Hizbullahın nüfuzu ilə mübarizə və Livanın sabitlik və təhlükəsizliyini gücləndirmək bu hökumətin əsas məqsədlərindəndir.”
Uzun illər ərzində Amerika hökuməti Livanda Hizbullahın nüfuzunu azaltmaq üçün dünyada aparılan kampaniyaya rəhbərlik edir. Bu istiqamətdə Vaşinqton bütün Hizbullahı terrorçu elan etmək üçün Avropa ölkələrinə güclü təzyiq göstərməkdədir. ABŞ həmçinin bir neçə Livan bankını və şəxsiyyətini Hizbullahla əlaqədə olduğu iddiası ilə sanksiyalar siyahısına daxil edib. Bundan əlavə, Amerika Konqresinin nümayəndələri vaxtaşırı Hizbullaha qarşı müxtəlif layihələr təqdim edirlər.