İran İslam Respublikasının vitse prezidenti hər hansı bir müamilədə hər iki tərəfin mənafeyinin qorunmasının şərt olduğunu qeyd edərək Amerika ilə müamilənin heç bir faydası olmadığını vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Məhəmməd Rza Arif bu gün (10 fevral) İslam İnqilabı qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı deyib: ABŞ ilə yeni sazişin bağlanması İranın milli maraqlarına cavab verməyəcək. O deyib ki, ABŞ-yə nə əvvəl, nə də indi inanmaq olar.
Vitse prezident həmçinin əlavə edib: ABŞ ilə saziş hər iki tərəf üçün faydalı olmalıdır. Bu gün biz ABŞ ilə sazişin bizim maraqlarımıza cavab verəcəyini düşünmürük. ABŞ prezidenti Donald Tramp keçmişdə artıq ona etibar etməyin mümkün olmadığını sübut edib. Çətin ki, indi o, öz davranışını dəyişsin.
Fevralın 4-də Tramp ABŞ-nin İrana maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Sənəd Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səylərinin aktivləşdirilməsini nəzərdə tutur.
Eyni zamanda ABŞ lideri İran prezidenti Məsud Pezeşkian ilə görüşün mümkünlüyünü istisna etməyərək Tehranla “əla saziş” bağlamaq istəyini bildirib.
Fevralın 7-də İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bəyan edib ki, ABŞ ilə danışıqlar aparmaq olmaz, çünki onlar bir dəfə artıq Tehranı aldadıblar.